Haqqımızda

2016-cı ildən fəaliyyət göstərən Məhkəmə Müsabiqə Cəmiyyəti hüquq tələbələrinə məhkəmə, arbitraj və mediasiya proseslərinə bənzər mühitlərdə çıxış etmək, eləcə də danışıqlar aparmaq və müqavilə tərtib etmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Cəmiyyət bu məqsədlə beynəlxalq təcrübəyə uyğun olaraq təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, Topçubaşov Arbitraj Müsabiqəsi, Xoyski Mediasiya Müsabiqəsi və Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsini həyata keçirir. Müsabiqələr çərçivəsində komanda iştirakçıları üçün çıxış bacarıqlarından strateji hazırlığa, etik məsələlərdən məntiqi arqumentlərin qurulmasına qədər geniş spektri əhatə edən təlimlər keçirilir.

Hüquqi arqumentasiya

Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqələr tələbələrə məntiqi mühakimə yürütmək və hüquqi mövqelərini sistemli şəkildə əsaslandırmaq imkanı verir.

Hüquqi təhlil

Müsabiqələr zamanı tələbələr qarşılaşdıqları problemləri məhz hüquqi təhlili rəhbər tutmaqla, faktları təhlil edib onları hüquqi çərçivəyə salmaqla və nəticə çıxarmaqla həll edirlər.

Hüquqi yazı

Müsabiqələrin yazılı mərhələləri, müqavilələrin ərsəyə gətirilməsi, bloqların yazılması zamanı məhz tələbələrin hüquqi yazı bacarıqlarının inkişafı və realizəsi həyata keçirilir.

Müsabiqələrin təşkili prosesində kazusların hazırlanması, təlimlərin keçirilməsi, komandaların qiymətləndirilməsi daxil olmaqla əksər mərhələlər peşəkar hüquqşünaslarla əməkdaşlıq çərçivəsində baş tutur. Bununla yanaşı, Cəmiyyət tələbələrin beynəlxalq hüquqi arenada iştirakını təmin etmək məqsədilə Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsi və Əqli Mülkiyyət üzrə Məhkəmə Müsabiqəsinin fakültədaxili seçim mərhələlərini təşkil edir. Əlavə olaraq, Cəmiyyət müxtəlif istiqamətlərdə analitik və praktiki bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir. Cəmiyyətin heyəti bu fəaliyyətlərin təşkili və koordinasiyasında mühüm rol oynayır.

2016
2016

Topçubaşov Məhkəmə Müsabiqəsi yaradılıb.

2018
2018

Topçubaşov Məhkəmə Müsabiqəsi konstitusiya icraatında keçirilməyə başlanıb.

2018
2018

Topçubaşov Arbitraj Müsabiqəsi yaradılıb.

2020
2020

Xoyski Mediasiya Müsabiqəsi yaradılıb.

2025
2025

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi yaradılıb.

Tələbə Elmi Cəmiyyəti

Tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etməsinə şərait yaradan Məhkəmə Müsabiqə Cəmiyyəti 2016-cı ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə ölkədəki hüquq təhsilinin inkişafına töhfə verən tələbə təşkilatıdır.